Qusarda Qullar avtomobil yolu yenidən qurulur

Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5.2 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir.

Agentlikdən APA-ya verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun 204-cü km-dən ayrılan və Qullar kəndinə gedən avtomobil yolu IV texniki dərəcəyə uyğun (6m hərəkət hissə, 2x2m çiyin hissələr) yenidən qurulur. 

Qusar rayonunun Qullar avtomobil yolu uzun illər istismar olunaraq təmirlər arası istismar müddətini keçdiyindən örtük yararsız vəziyətdə idi. Belə ki, örtükdə çalalar və deformasiya əmələ gəlmiş, örtüyün profili bir çox yerlərdə itmişdir. Bundan başqa, yolun çiyin hissələri də deformasiyaya uğrayaraq çala-çuxurlu və palçıqlı idi. Hazırda yolun əsaslı şəkildə yenidən qurulması ilə sadalanan bu problemlər aradan qaldırılır.

Marşrut boyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən, boruların əvəzlənməsi və əlavə olaraq yeni boruların quraşdırılmasına ehtiyac var idi. Bu çərçivədə yeni dairəvi suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də aparılır.

Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, 5.2 km uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəıişində problemlərə səbəb olurdu. Bu üzdən Qusar rayonunun Qullar kəndinin yolunun yenidən qurulması kənd əhalisinin istər rayon mərkəzinə, istərsə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq.