BŞTİ rəhbərliyi müəllimlərin vaksinasiya prosesini izləyib - FOTO

Bu gün Bakıda ümumi təhsil məktəblərində fəaliyyət göstərən peyvənd məntəqələrində peyvəndləmə prosesi izlənilib.

APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi KİV nümayəndələri ilə birgə vaksinasiya prosesinin gedişini izləyib.

Ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün nəzərdə tutulan vaksinasiya prosesinə ilkin olaraq yaşı 50 və daha yuxarı olan şəxslər cəlb olunub. Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda - 276, Xətai rayonunda -56, Xəzər rayonunda -26, Suraxanı rayonunda – 84, Sabunçu rayonunda – 90, Səbail rayonunda – 239, Nərimanov rayonunda – 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda 129, Yasamal rayonunda 158 saylı tam orta məktəblər) həyata keçirilir.