UEFA rekordçuların adlarını açıqlayıb, siyahıda “Qarabağ” da var

Avropa Liqasının qrup mərhələsinin startından sonra turnirin rekordçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA 2009/10 mövsümündən indiki formatda keçirilən turnirin qrup mərhələsinin müxtəlif göstəricilərdəki rekordçularını müəyyənləşdirib.

Azərbaycan çempionu “Qarabağ” da siyahıdan kənarda qalmayıb. Ağdam təmsilçisi qrupda ən çox çıxış edən klubların arasında yer alıb. UEFA 6 və daha çox mövsümdə qrupda mübarizə aparan komandaları fərqləndirib.

Altı klub 8, doqquz komanda 7 dəfə qrup mərhələsində qüvvəsini sınayıb. Bu “15-lik”dən geri qalan 10 kollektiv isə 6 dəfə bunu bacarıb. 6-cı dəfə qrupa düşən Qurban Qurbanovun yetirmələri də bu 10 komandadan biridir.

“Qarabağ” “Tottenhem”, həmçinin qardaş Türkiyənin rekordçusu “Beşiktaş”la eyni göstəriciyə malikdir. Azərbaycan çempionu postsovet məkanında 2-cidir. Keçmiş SSRİ komandalarından yalnız Kiyev “Dinamo”su Avropa Liqasının qrupuna daha çox düşüb.

Qeyd edək ki, “Qarabağ”ın 6-cı cəhdində qrupda rəqibi olan “Vilyarreal” 8-ci dəfə bu mərhələdə mübarizə apararaq rekorda şərikdir.

Qrupda ən çox mövsüm keçirənlər
8 – “Latsio”, PAOK*, PSV*, “Rapid” Vyana*, “Zalsburq”, “Vilyarreal”*
7 – “Almaar”*, “Seltik”*, “Kopenhagen”, “Dinamo” Kiyev, “Styaua”, “Sparta”*, “Sportinq”, “Standard”*, “Yanq Boyz”*
6 – “Anderlext”, “Atletik”, “Beşiktaş”, “Braqa”*, “Brügge”, “Dinamo” Zaqreb*, “Partizan”, “Qarabağ”*, “Rusenborq”, “Tottenhem”*.

* - cari mövsümdə qrupa düşənlər.